Kitabxana
Kollecin kitabxanası kollecin elmi-tibbi informasiya sisteminin mühüm tərkib hissəsidir. Kitabxana səhiyyə işçilərini, müəllimləri və tələbələri tibbi ədəbiyyatla təmin edir, onların məlumat əldə etmək azadlığını və mədəni sərvətlərdən istifadə hüquqlarını təmin edir. Oxucuların kitabxana fondlarından tam və səmərəli istifadə etməsi üçün hər cür şərait yaradılmışdır.
Hazırda kitabxana təqribən 565 abonentə xidmət göstərir. Kollecin kitabxanası Lənkəran rayonunda tibbə dair ədəbiyyatı bütövlükdə özündə cəmləşdirən əsas dövlət kitab saxlayıcısı kimi fəaliyyət göstərir və fondumuz ildən-ilə yeni nəşrlərlə zənginləşdirilir.
Kitabxananın fondunda keçən əsrin ortalarından bu günə qədər Azərbaycan, rus və digər xarici dillərdə nəşr olunmuş 6140-dan çox kitab və elmi ədəbiyyat toplanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr olunmuş 2000-dən artıq Azərbaycan və dünya mütəfəkkirlərinin əsərləri məktəbin kitabxanasına hədiyyə edilmişdir.
Kitabxanada yaradılmış Heydər Əliyev guşəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, onun əsərləri, qəzet və jurnallardan götürülmüş materiallar, fotoalbomlar, xatirə kitabı, portretlər, ailə albomu, fərmanlar və qəbul olunmuş qanunlar nümayiş etdirilir.
Kollecin kitabxana fondunun əsas hissəsini tibbi ədəbiyyat təşkil edir. Buraya aşağıdakı dərslik və vəsaitlər daxildir:
Farmakologiya – Elsevər Ağayev, Rəhim Teyubov
Anatomiya – R.Q. Eyvazov
Mamalıq – Z.C. Ələsgərova, K. Əsədullayeva
Tibbi parazitologiya – Y.V. Şənərəliyeva
“Onu zərurət yaratdı”, “Tibb bacısının ümumi cərrahi vərdişləri”, “Cərrahi xəstəliklər”, “Otorinolarinqologiyanın əsasları”, “Medbacılar məktəbindən kollecə doğru” və digər elmi-metodik nəşrlər.
Beləliklə, kollecin kitabxana fondu mühüm elmi və maddi əhəmiyyətə malikdir və onun qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin vəzifəsidir.

