Haqqımızda

 14 avqust 1936-cı ildə Lənkəran şəhərində Rayonlararası tibb bacıları məktəbi təşkil olunmuş və 15 avqust tarixindən etibarən fəaliyyətə başlamışdır. Məktəbin ilk rəhbər heyəti belə formalaşdırılmışdır: direktor – Yavər Əliqulu oğlu Bayramov, tədris işləri üzrə müavin – Nüsrət Rzayev, katib – Samid İbrahimov. Həmin dövrdə Azərbaycan SSR-in Səhiyyə komissarı Müseyib Məmmədcəfər oğlu Hüseynov, Lənkəran rayon Partiya Komitəsinin I katibi isə Böyükağa Mirsalayev olmuşdur.

Qeyd etmək lazımdır ki, Yavər Əliqulu oğlu Bayramov məktəb direktorluğuna təyin olunmazdan əvvəl Lənkəran rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışırdı. 1936-cı il avqustun 14-də o, “Lənkəran rayonlararası tibb bacıları məktəbi”nin ilk direktoru təyin edilmiş və eyni zamanda Səhiyyə şöbəsinin müdiri vəzifəsini də icra etmişdir. Lakin 1937-ci ilin avqust ayının sonunda Y. Bayramov naməlum səbəblərdən tutduğu vəzifələrdən azad edilmişdir.

Bundan sonra Lənkəran rayon Səhiyyə şöbəsinə Lyudmila Kazanskaya rəhbər göndərilmiş, məktəbin idarə olunması isə müvəqqəti olaraq A.M. Əhmədova həvalə edilmişdir. 1920-ci ildə Sovet Ordusu ilə birlikdə Lənkərana gəlmiş L. Kazanskayanın həmin dövrdə 34 yaşı var idi. O, səhiyyə sahəsindəki xidmətlərinə görə 1943-cü ildə “Əla səhiyyə işçisi” medalı, 1951-ci ildə isə dövrün ən ali mükafatlarından biri hesab edilən “Lenin” ordeni ilə təltif edilmişdir. L. Kazanskaya Lənkəranın “Lenin” ordeni almış ilk və eyni zamanda yeganə tibb işçisidir.

Məktəbin ilk dərs hissə müdiri Nüsrət Hacırıza oğlu Rzayev olmuşdur. O, 1899-cu ildə Lənkəran şəhərində anadan olmuş, ali təhsilini isə Almasiya şəhərində almışdır və Lənkəranlı ziyalılardan biri kimi tanınırdı.

2013-cü ildən etibarən kollec üzrə tədris prosesi kredit sistemi əsasında təşkil edilmişdir. Bu sistemin tətbiqi nəticəsində kollecin məzunlarına “Subbakalavr” dərəcəsi verilməyə başlanmışdır. Subbakalavr diplomu alan məzunlar müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaqla yanaşı, ali təhsilin bakalavr pilləsində də təhsillərini davam etdirmək imkanı əldə edirlər.

Təhsildə müasir texnologiyaların tətbiqi məqsədilə kollecdə yeni informatika kabineti yaradılmış, zəruri texniki avadanlıqlarla təmin edilərək tələbələrin istifadəsinə verilmişdir.

Bu gün kollec özündə zəngin tarixi təcrübəni, milli ənənələri və bəşəri dəyərləri birləşdirir. Əgər fəaliyyətinin ilk illərində əsas məqsəd tibbi biliklərin dərindən öyrədilməsi və elmi araşdırmaların aparılması idisə, hazırda kollec tələbələri yalnız peşəkar biliklər deyil, eyni zamanda həyat mədəniyyəti və sosial bacarıqlar da qazanırlar.